Prezidentdən kreditlərlə bağlı vacib XƏBƏRDARLIQ

Paylaş
Kopya edildi

"Banklara 2 milyard manat resurs verilib və yenə də kreditləşmədə istehlak kreditləri üstünlük təşkil edir. Bu da çox təhlükəli tendensiya ola bilər. Ona görə biz elə etməliyik ki, bank sektoru daha çox real sektoru dəstəkləsin.

Ona görə biznes kreditlərinin verilməsində baxın, hansı mexanizm olmalıdır ki, banklar da bunda maraqlı olsunlar. Həm də ki, Mərkəzi Bank da buna nəzarət etsin. Yoxsa, biz bunu başlı-başına buraxa bilmərik".

Sonxeber.az xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2019-cu ilin yekunlarına həsr olunmuş müşavirədə çıxışı zamanı deyib.

"Əlbəttə, bəzi banklar üçün istehlak kreditləri daha da asandır, daha əlverişlidir. Ancaq ölkə iqtisadiyyatı üçün biznes kreditləri üstünlük təşkil edir. Ona görə İqtisadiyyat Nazirliyi ilə birlikdə bu məsələləri müzakirə edin. İndi İqtisadiyyat Nazirliyinin, Sahibkarlara Kömək Fondunun xətti ilə təqribən 170 milyon manat güzəştli kreditlər nəzərdə tutulur.

Uçot dərəcəsi düşdükdə artıq özəl banklar tərəfindən verilən kreditlərin də faiz dərəcəsi güzəştli kreditlərin səviyyəsinə yaxınlaşacaqdır. Ona görə burada uzlaşma olmalıdır. Bank sektoru böyük bir alətdir, yəni iqtisadiyyatın real sektoruna dəstək verməlidir. Bank sektorundan heç bir sürpriz olmamalıdır.

Bu il onların fəaliyyətinə, kreditlərin verilməsinə çox güclü nəzarət olmalıdır. O cümlədən şübhəli kreditlərin verilməsi ilə bağlı mexanizm olmalıdır ki, biz artıq hadisə baş verəndən sonra yox, bəri başdan bunun qarşısını ala bilək. Bank sektorunun məsuliyyəti də artıbdır, çünki biz bütün əmanətlərin sığortalanmasını davam etdirmişik. Bu da dünya miqyasında nadir hadisələrdən biridir.

Biz bunu bir neçə il bundan əvvəl ona görə etdik ki, etimadı artıraq. Hazırda bank sektoruna etimad hesab edirəm ki, yüksək səviyyədədir. Manatın məzənnəsi 3 ildən çoxdur ki, sabitdir, iqtisadiyyat möhkəmlənir, tədiyə balansının saldosu 6 milyard dollardır. Yəni, heç bir təhlükə yoxdur. Ona görə əmanətlərin dövlət tərəfindən tam sığortalanması çox böyük addımdır və bu, bank sektorunun məsuliyyətini artırır.

Nəzarət elə olmalıdır ki, sürpriz olmasın və Mərkəzi Banka verilmiş yeni səlahiyyətlər hesab edirəm ki, bu məsələnin həllinə köməklik göstərə bilər", deyə dövlət başçısı bildirib.


Facebookda Paylaş Xəbərlər   Baxılıb: 274   Tarix: 14 yanvar 2020  

Daha çox video izlə